Gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə də bank və sığorta sahəsində karyera qurmağı arzulayan tələbələrə dəstək olmaq məqsədilə cari ilin mart ayının 3-də "Naxçıvanbank" və "Naxçıvansığorta" ASC Naxçıvan Dövlət Universitetində, mart ayının 4-də isə Naxçıvan Universitetində "Bankçılıqda ilk addım və Sığortanın mahiyyəti" adlı müsabiqə xarakterli təlimlər keçirmişdir. Təlimin sonunda 200 iştirakçı arasından fərqlənən 15 tələbə seçilərək "Naxçıvanbank" və "Naxçıvansığorta" ASC-də 15 günlük praktiki təcrübə keçmək şansı əldə edib.
İyunun 14-də isə "Naxçıvanbank" və "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyətlərinin təşkilatçılığı, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetinin iştirakı ilə "Bankçılıqda ilk addım və Sığortanın mahiyyəti" təlimi üzrə yekun qiymətləndirmə mərasimi keçirilib. Tədbirdə çıxış edən "Naxçıvanbank" ASC İdarə Heyətinin Sədri Azər Məmmədov bildirib ki, təlimin ilk mərhələsindən seçilən 15 tələbənin layihə çərçivəsində öz potensiallarını reallaşdırması və praktiki iş təcrübəsi toplaması məqsədilə 15 günlük təcrübə keçmək şansı yaradılıb.
Qeyd edilib ki, 15 günlük təcrübə zamanı bankın müxtəlif şöbə və departamentlərində təcrübə keçən tələbələr əsl komanda işi ilə tanış olub və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla çalışaraq layihələrdə, əməliyyatlarda iştirak ediblər. Layihədə iştirakçı olmuş 15 tələbənin hər biri təcrübə müddətini müvəffəqiyyətlə yekunlaşdırıb. Təcrübəçi tələbələrdən 4-ü isə xüsusi fəallıq göstərdiyinə görə təcrübə proqramını fərqlənmə sertifikatı ilə başa vurub.
Tədbirin növbəti hissəsində təcrübə proqramını və proqramın sonunda keçirilən imtahan mərhələsini uğurla başa vurmuş tələbələrə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də karyera imkanları barədə məlumat verilib. İmtahan mərhələsini müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla, fərqlənmə ilə başa vuran tələbələr isə sertifikat və dəyərli hədiyyələrlə təltif olunublar.