Muxtar Respublika əhalisi arasında nağdsız ödənişlərin stimullaşdırılması və pos-terminaldan istifadənin artırılması məqsədilə 13-15 yanvar tarixlərində Naxçıvanbank ASC Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondunun könüllülərinin dəstəyilə “Nağdsız ödənişlər və pos-terminal istifadəsi” adlı anket-sorğu keçirmişdir. Bölgələr üzrə keçirilən sorğuda 200-dən çox fiziki şəxs və fərdi sahibkar arasında sorğu keçirərək, müvafiq istiqamətin inkişafı üzrə onlardan təkliflər toplamışdır.
Sonda Naxçıvanbank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini İsa İsayev və sədr müavinləri Rafiq Xəlilov və Murad Həsənli könüllülərlə görüşüb, könüllülük fəaliyyətini bitirmiş gənclərə təşəkkürlərini bildirib və sertifikat təqdim edib. İsa İsayev sorğunun keçirilməsində göstərilən dəstəyə görə Gənclər Fondunun rəhbərliyi başda olmaqla bütün fond əməkdaşlarına və könüllülərinə təşəkkürünü bildirib və könüllülərə qazandıqları təcrübəni gələcəkdəki iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb.
Görüşdə həmçinin könüllülər çıxış edərək, sorğu müddətində bir çox bank və maliyyə sektoruna dair biliklərə yiyələndiklərini, Naxçıvanbank kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını, gələcək kariyeralarını bank sektorunda quracaqlarını və sorğuda qazanılan təcrübədən gələcək fəaliyyətlərində də istifadə edəcəklərini bildiriblər.